MƏDƏNİYYƏT
Kitabxana “Şərqdə doğan günəş - Əlişir Nəvai” adlı metodik vəsaiti təqdim edib
Bakı, 22 iyun, AZƏRTAC
Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların qələmə aldığı əsərlər təkcə öz xalqının deyil, bir çox digər xalqların da mənəvi yüksəlişinə təsir göstərərək öz müəllifinin adını şərəflə yaşadıb. Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvai belə sənətkarlardandır. Nəvai yaradıcılığını dərinliyi və genişliyi baxımından okeana bənzətmək olar. O, təkcə böyük söz ustası deyil, həm də görkəmli filosofdur. Nəvai şeir mədəniyyətini elə yüksək səviyyəyə qaldırmışdır ki, nə XV əsrədək, nə də ondan sonra özbək şeiri bu zirvəni fəth edə bilməyib. Nəvainin şöhrəti türk xalqlarının qürurudur.
Beynəlxalq Türk Akademiyası böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441-1501) anadan olmasının 580-ci ildönümü münasibətilə 2021-ci ili “Əlişir Nəvai İli” elan edib.
Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Şərqdə doğan günəş - Əlişir Nəvai” adlı vəsaiti istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə”nin müəllifi” adlanır. Bu hissədə şairin həyat və yaradıcılığından bəhs edilir. İkinci hissə “Söz sərrafı-Nəvai” adlanır və şairin yaradıcılığı ilə bağlı keçirilə biləcək tədbirlər əks olunur.
Aşağıdakı link vasitəsilə metodik vəsaitlə tanış ola bilərsiniz:
https://www.clb.az/rqd-doan-gn-liir-nvai_d3186.html