ELM VƏ TƏHSİL
Şərqşünas alimin İbn Sina haqqında tədqiqatı beynəlxalq topluda dərc olunub
Bakı, 15 dekabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə elmlər doktoru Roida Rzayevanın İbn Sina və onun fəlsəfi irsi ilə bağlı tədqiqatı “İbn Sinanın (İbn Sina) irsinə yenidən baxış” toplusunda dərc olunub.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Roida Rzayeva tədqiqatında İslam tarixinin ən böyük mütəfəkkirlərindən sayılan və bu gün də bir çox ölkələrin, xüsusən də Avropanın dərsliklərində yer alan alimlərə təsir edən İbn Sinanın dünya fəlsəfi fikrinə töhfəsini təhlil edib. O, fəlsəfənin bir çox mənbədən qidalandığına baxmayaraq, bu və ya digər tarixi dövrdə müəyyən mədəniyyət, sivilizasiya və mütəfəkkirlərin daha çox təsiri altında qaldığını və beləliklə, bəzi dövrlərdə Şərq və ya Qərb mütəfəkkirlərinin fəlsəfi fikrə təsirinin daha çox olduğunu qeyd edir.
Türkiyəli professor Kadircan Keskinboranın redaktorluğu ilə nəşr olunan topluda Türkiyədən professor Mehmet Bayrakdar, dosentlər Engin Erdem və Ömər Faruk Ərdoğan, professor Esin Kahya, dosent Ferdi Koç, professorlar Yavuz Ünat və Hakkı Turabinin fikirləri, Amerikadan fəlsəfə doktoru Qlen M. Kuper, İrandan fəlsəfə doktoru Hamed Arezaei, Rumıniyadan professor Dana Baran, Azərbaycandan Səlahəddin Xəlilov, İngiltərədən Peter Starr və Maykl Saç kimi alimlərin də tədqiqatları yer alıb.
İsveçrədə yerləşən “Peter Lang” nəşriyyatı tərəfindən ingilis dilində nəşr edilən “İbn Sinanın (İbn Sina) irsinə yenidən baxış” kitabının satışına başlanılıb.