İQTİSADİYYAT
Səudiyyə Ərəbistanı “OPEC+” alyansının üzvlərini öhdəliklərə əməl etməyə çağırıb
Qahirə, 18 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı “OPEC+” alyansına üzv ölkələri hasilatın azaldılmasını dair öhdəliklərə dəqiq əməl etməyə və bu məsələdə şəffaflıq göstərməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Krallığın Neft naziri Əbdül Əziz bin Salman alyansın nazirlər səviyyəsində keçirilən Birgə Monitorinq Komitəsinin aylıq iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında müvafiq sazişi imzalayan tərəflərin qlobal neft bazarında sabitliyin təmin edilməsində maraqlı olmalarının vacibliyini qeyd edib.
Nazir əlavə edib ki, ölkəsi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) son 2 ayda hasilatı sazişdə nəzərdə tutulduğu səviyyədən də çox azaldıb. Lakin avqustun sonunda şəffaflığın təmin edilməsində bəzi problemlər meydana çıxıb. O deyib ki, hər iki ölkə hasilatı rekord səviyyədə azaltmaqla xam neftin qiymətlərinin sabit qalmasına çalışıb.
Səudiyyəli nazir vurğulayıb ki, gələcəklə bağlı qeyri-müəyyənliklər fonunda yaxın aylarda hasilatın artırılması gündəmdə deyil. Eyni zamanda, alyansa üzv ölkələr pandemiyanın yeni dalğasının başlayacağı təqdirdə hər cür ekstremal vəziyyətə hazır olmalıdır. O, qlobal neft bazarında möhtəkirlərin də qiymətlərin dalğalanması niyyətlərinin boşa çıxacağını qeyd edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə