REGİONLAR
“Səyyar kitabxana” Ağsuda
Ağsu, 13 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində reallaşan “Səyyar kitabxana” oktyabrın 11-dən 20-dək Ağsuda sakinlərə xidmət göstərəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Səyyar kitabxana” rayona gəldiyi ilk üç gün ərzində Ağsu rayon Mədəniyyət və İstirahət Parkında, şəhər 3 və 4 nömrəli tam orta məktəblərdə olub. Bu müddətdə kitabxana 500-ə yaxın oxucu qəbul edib, onlardan 150 nəfəri abunəçi olub.
“Səyyar kitabxana” oktyabrın 14-də rayonun Pirəsənli kəndinə gedəcək. Daha sonra digər yaşayış məntəqələrində, o cümlədən Çiyni, Gəgəli, Ərəbuşağı, Arat-Curuxlu kənd tam orta məktəblərində kitabxana xidməti göstərəcəyi nəzərdə tutulub.
Mərkəzi park və meydanların yaxınlığında, təhsil müəssisələrinin qarşısında saat 9-dan 18-dək fəaliyyət göstərən “Səyyar kitabxana” xüsusi maşında fəaliyyət göstərir və burada 3000 kitab və 5000 min elektron nəşr var.
“Səyyar kitabxana”nın xidmətindən razılığını bildirən şəhər 3 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nəzrin Cəbizadə AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Kitabxana bu gün səhərdən xidmətimizdədir. Gələcəyini dünəndən eşitmişdik. Azərbaycan və dünya klassiklərinin əsərlərinin çox sevirəm. Hazırda hansı kitabı götürəcəyimi seçirəm. Gözəl xidmətdir. Təşkil edənlərə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, “Səyyar kitabxana” layihəsi təkcə 2013-2019-cu illərdə 43 rayon və şəhərdə reallaşdırılıb. Bu müddət ərzində kitabxanaya 83437 oxucu müraciət edib. Ən çox müraciət edilən bölmə dünya bədii ədəbiyyatı olub.
Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədilə kitabların elektron versiyası yerləşdirilib. İstəyə uyğun olaraq elektron daşıyıcılar vasitəsilə kitabları əldə etmək mümkündür. Kitablar Azərbaycan, türk, rus, ingilis dillərindədir. Burada bədii ədəbiyyat, fəlsəfə, tarix, sosiologiya, elm və təhsil, mədəniyyət, idman, incəsənət, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar mövcuddur. Kitabxana 2 noutbuk, televizor, generator, kondisioner sistemi və surətçıxarma avadanlığı ilə təchiz edilib.
Layihənin həyata keçirilməsində məqsəd kitabları fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan qiymətli kitabları əlçatan etmək, gənclərin maariflənməsi işinə dəstək göstərməkdir.
Oktyabr-dekabr ayları ərzində “Səyyar kitabxana” Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Salyan, İsmayıllı rayonlarına səfər edəcək.