REGİONLAR
Şimal bölgəsinin 480 minə yaxın sakininin işi “ASAN”laşdı VİDEO
Xaçmaz, 17 may, Elxan Yusifli, AZƏRTAC
Səyyar “ASAN xidmət” mayın 16-dan Xaçmaz şəhərində fəaliyyətə başlayıb. Bununla da Xaçmazla yanaşı, Quba, Qusar və Şabran rayonlarının ümumilikdə 480 minə yaxın sakini bir ay ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
“ASAN xidmət”in qrup rəhbəri Araz Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib ki, səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Şimal bölgəsinin sakinləri notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, eləcə də fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi kimi xidmətlərdən istifadə edə bilərlər.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar iyulun 14-dək saat 9-dan 18-dək Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati binası yaxınlığında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.