REGİONLAR


Sumqayıt Dövlət Universitetinin tələbələri prokurorluq işçilərinin fəaliyyəti barədə məlumatlandırılıblar

Sumqayıt, 13 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi görüşlər təşkil edilir. Noyabrın 13-də Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrlə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Sonra prokuror universitetlə, eləcə də Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub.

Ali məktəbin konfrans zalında şəhər prokurorunun tələbələrlə keçirdiyi görüşdə çıxış edən rektor, professor Elxan Hüseynov Azərbaycan Prokurorluğunun yaranmasının 100-cü ildönümü münasibətilə prokurorluq işçilərini təbrik edib.

Elxan Hüseynov Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib.

Sumqayıt şəhər prokuroru Sərdar İmanov çıxışında bildirib ki, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların azad və sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb, hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulub, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğısı nəticəsində korrupsiyaya qarşı mübarizə tədbirləri, ictimai özünənəzarət məsələləri, şəffaflığın təmin olunması istiqamətində mühüm işlər görülüb.

“Bugünkü görüşün keçirilməsində məqsəd gənclər arasında maarifləndirmə aparmaqdan, eləcə də bir sıra problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarətdir”, - deyə şəhər prokuroru vurğulayıb.

Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyə edilən dəyişikliklər üzrə maarifləndirmə işinin davam etdirilməsi üçün gələcəkdə də mütəmadi olaraq görüşlərin təşkil ediləcəyi diqqətə çatdırılıb.

Sonda şəhər prokuroru tələbələri maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.