CƏMİYYƏT
Sumqayıtda COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları obyektlərdə sosial məsafənin gözlənilməsi, o cümlədən satıcı və alıcıların maskalardan istifadə edib-etməməsini yoxlayıblar. Qapalı məkanlarda tənəffüs yollarını qoruyan vasitələr, yəni maskalardan istifadə etməyənlər cərimələniblər. Açıq havada fəaliyyət göstərən iaşə obyektlərində ümumi karantin qaydalarının pozulmadığı aşkarlanıb. Həmçinin polislər tərəfindən sahibkarların, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. Sumqayıt sakinləri keçirilən tədbirlərdən razı qaldıqlarını bildiriblər.
Reyd zamanı avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən olunaraq cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülərək onlara xəbərdarlıq olunub.
Sumqayıt şəhərində xüsusi karantin rejimi müddətində polis əməkdaşları tərəfindən nəzarət profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.