REGİONLAR
Sumqayıtda “Gənc ailələrin büdcə modeli” mövzusunda təlim keçirilib
Sumqayıt, 4 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər evində “Gənc ailələrin büdcə modeli” mövzusunda təlim keçirilib. Tədbir Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
Baş İdarədən AZƏRTAC–a bildirilib ki, mövcud pandemiya qaydalarına uyğun təşkil olunan təlimi iqtisadçı ekspert Arzu Qafarlı aparıb.
Məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn məsələlərin həlli, gənc ailələrdə büdcənin düzgün formalaşdırılması, ailə gəlirləri və xərclərinin təhlili, idarə olunması, planlaşdırılmayan xərclərdən çıxış yollarının necə müəyyən edilməsindən ibarətdir.
Təlim zamanı iştirakçılara mövzu ətrafında videoçarx və fototəqdimat nümayiş olunub, maraqlı qrup çalışmaları təşkil edilib.
Sonda aktiv gənclərə sertifikatlar təqdim olunub.