REGİONLAR
Sumqayıtlı gənc müəllim: Özümü bu kənddə yad hiss etmirəm VİDEO
Şabran, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC
2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçən 46 müəllim Şabran rayonunun məktəblərinə təyinat alıb. On müəllim yerdəyişmə əsasında rayonun təhsil ocaqlarında çalışacaq. On dörd nəfər isə müddətli müqavilə ilə işə götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqədən uğurla keçərək bu tədris ilindən Şabran rayonunda pedaqoji fəaliyyətə başlayan Könül Əhmədova kimya fənnindən dərs deyir.
Sumqayıt şəhərində yaşayan gənc müəllim evindən 130 kilometr məsafədə yerləşən Şabranın Çayqaraqaşlı kəndində şagirdlərə elmin sirlərini öyrədir.
Bakı Dövlət Universitetinin məzunu olan K.Əhmədova məktəbdə fəaliyyətinin ilk günləri yaşadığı həyəcanın arxada qaldığını, kollektivə və məktəbə öyrəşdiyini söyləyir. “Şabran rayonunun mərkəzindən təxminən 30 kilometr məsafədə dərs deyəcəyimi biləndə valideynlərim əvvəlcə narahat oldular. Amma qəti qərar verdiyimi gördükdən sonra məni dəstəklədilər. Məsafənin uzaq olmasından başqa heç bir problem yoxdur. Özümü bu kənddə yad hiss etmirəm. Bu, mənim pedaqoji fəaliyyətə başladığım ilk məktəbdir. İstəyirəm ki, məni yaxşı müəllim kimi tanısınlar”, - deyə gənc müəllim bildirib.
Könül Əhmədovanın çalışdığı Çayqaraqaşlı ümumi orta məktəbində 40-a yaxın şagird təhsil alır. Kimya fənni məktəbin VII-IX siniflərində tədris olunur.
Gənc müəllimin əsas məqsədi kənddə yaşayan uşaqları, xüsusilə də qızları təhsilə yönləndirmək, cəmiyyətə faydalı vətəndaş kimi qazandırmaqdır.
O deyib: “Ucqar kənd məktəblərində şagirdlərin təhsilə marağının az olması ilə bağlı fikirlər yanlışdır. Bizim məktəbdə çox istedadlı, bacarıqlı və oxumağa həvəsli şagirdlər var. Sadəcə həmin uşaqları düzgün yönləndirmək, bilikləri qavramağa yardım etmək lazımdır. Mən çox istəyirəm ki, şagirdlərim yüksək nailiyyətlər əldə etsinlər. Ali məktəblər qəbul olub, təhsillərini davam etdirsinlər. Şagirdlərimin uğuru mənim uğurumdur. Bunun üçün səylə çalışıram”.
Bu il Şabran rayonunun məktəblərində fəaliyyətə başlayan yeni müəllimlər arasında gənclər üstünlük təşkil edir. Hazırda rayonun təhsil ocaqlarında mindən artıq pedaqoq şagirdlərə elmin sirlərini öyrədir.