İQTİSADİYYAT
Suraxanı rayonunda Dövlət Proqramı çərçivəsində tikinti işləri görülür
Bakı, 24 aprel (AZƏRTAC). “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhərinin Suraxanı rayonunda müxtəlif təyinatlı bir sıra obyektlərin inşası aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci rübü ərzində Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS tikilmişdir.
Həmin dövrdə Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının salınması, “Gənclər evi”nin, 84 nömrəli məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 104 nömrəli məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin tikintisi və 282 nömrəli məktəbdə əsaslı təmir işləri davam etdirilmişdir.
Bununla yanaşı, rayon ərazisində yerləşən 87, 114, 140 nömrəli məktəblərdə əsaslı təmir işlərinə, həmçinin Yeni Suraxanı qəsəbəsində mini futbol meydançasının əsaslı təmirinə başlanılmışdır.