MƏDƏNİYYƏT
Şuşa Günləri iki şanlı keçmişin, tarixin, zəfərlərin görüşüdür - Günay Əfəndiyeva VİDEO
Bursa, 10 dekabr, AZƏRTAC
Bursada keçirilən Şuşa Günlərində iki qədim şəhər - Bursa və Şuşa görüşdü, birləşdi. Bu, iki şanlı keçmişin, şanlı tarixin, zəfərlərin vəhdətidir. Bu təşəbbüs vaxtilə ulu öndərimiz Heydər Əliyev tərəfindən söylənilən və artıq kəlama çevrilən “Bir millət, iki dövlət” fəlsəfəsinin bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib.
Bursada keçirilən Şuşa Günlərinin təşkilatçısı olmaqdan böyük qürur hissi keçirdiyini söyləyən Günay Əfəndiyeva deyib: “Çünki ilk dəfə olaraq Azərbaycandan kənarda, bizim doğma Türkiyəmizdə Şuşa Günləri keçirilir. Bu günlərin 2022-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Bursada təşkil olunması da xüsusi əhəmiyyət kəsb edir. Bursada Şuşa Günlərinin keçirilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bir təşəbbüsüdür. Çox qürurverici haldır ki, bu təşəbbüs Türk dövlətləri başçıları tərəfindən imzalanan və Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Görüşündə qəbul olunan bəyannaməsində də öz əksini tapıb. Şuşa Günlərinin keçirilməsində əsas məqsəd iki qardaş dövləti - Azərbaycan və Türkiyəni yenidən bir araya gətirmək, bütün Türk dünyasının birliyini daha da inkişaf etdirməkdir. Burada keçirilən tədbirlərin məqsədi Qarabağın mədəniyyətini, Şuşanın incəsənətini, mədəni irsini dünyaya tanıtmaqdır. Biz artıq bu coşqunu, bu gözəlliyi 2023-cü ildə Şuşada görəcəyik”.
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul