MƏDƏNİYYƏT


“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Cəlal Qaryağdı

Bakı, 11 avqust, AZƏRTAC

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, heykəltaraş Cəlal Qaryağdıya həsr olunub.

Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Erkən yaşlarında ata-anasını itirən Cəlal Qaryağdı 1927-ci ildə Bakıya gəlir. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir, 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır.

Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltaraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltaraşlıq onun yaradıcılığında əsas yer tutur.

Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir. İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. Cəlal Qaryağdının monumental-dekorativ heykəltaraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli, Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi Azərbaycan heykəltaraşlığının qiymətli nümunələri sırasına daxildir.

Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.

Cəlal Qaryağdı yaradıcılığına Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar.

C.Qaryağdı heykəltaraşlığın müxtəlif janrlarında - monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb.

Heykəltaraş 1954-cü ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.