İQTİSADİYYAT
TÜRKİYƏ, YUNANISTAN VƏ İTALİYA TƏBİİ QAZ KƏMƏRİNİN İNŞASINA DAİR MÜQAVİLƏ İMZALAYACAQLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu həftə Romada Yunanıstan, Türkiyə və İtaliya Orta Asiya təbii qazını 2011-ci ildə Avropa bazarlarına nəql edəcək yeni qaz kəmərinin inşasına dair müqavilə imzalayacaqlar.
Yunanıstanın inkişaf naziri Dimitris Sioufas demişdir ki, Romada Azərbaycan təbii qazının Türkiyə və Yunanıstan ərazisindən Qərbi Avropaya nəqli məsələləri də müzakirə olunacaqdır. Bu məsələnin Afina üçün strateji əhəmiyyət daşıdığını və Baş nazir Kostas Karamanlisin diqqət mərkəzində olduğunu bildirən Dimitris Sioufas, Türkiyə-Yunanıstan qaz kəmərinin avqustun sonunda istifadəyə veriləcəyini, İtaliyanın Edison və Yunanıstanın DEPA şirkətlərinin çəkəcəyi Yunanıstan-İtaliya qaz kəmərinin isə gələn ildən başlayaraq inşa ediləcəyini söyləmişdir. 212 kilometrlik hissəsi dənizin altından keçəcək boru xətti şəbəkəsi Yunanıstana ildə 11,5 milyard kubmetr təbii qaz nəql etməyə imkan verəcəkdir.
Yunanıstanlı nazir əlavə etmişdir ki, bu yaxınlarda Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin Afinaya səfəri zamanı əldə olunan anlaşmalar bütün bu layihələrin uğurla başa çatacağına təminat verir.