DÜNYA
Tailandda peyvənd olunanlara nəqliyyatda 20 faiz endirim edilir
Pekin, 19 noyabr, AZƏRTAC
Tailandda əhalinin COVID-19 virusu əleyhinə vaksinasiyaya marağını artırmaq üçün təşviqedici aksiyalar keçirilir. Bunlardan biri də peyvənd olunanlara nəqliyyatda gediş haqqı üçün 20 faiz endirimlərin tətbiqidir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Tailandın Səhiyyə Nazirliyi ilin sonunadək əhaliyə 100 milyon doza peyvənd vurulmasını hədəfləyib. İndiyədək 85 milyon doza vaksin vurulub. Nazirlik qarşıya qoyulan hədəfə nail olunması üçün müxtəlif məcburedici qaydalar və təşviqedici aksiyalara start verib. Belə ki, bəzi məkanlara yalnız tam peyvənd olunanların girişinə icazə veriləcək.
Tailandın bəzi vilayətlərində isə əhalini vaksinasiyaya təşviq etmək üçün peyvənd olunanlara lotereya oynamaq və müxtəlif mükafatlar qazanmaq təklif olunur.
Hökumət vaksinasiyanı sürətləndirmək üçün mobil vaksin xidmətini istifadəyə verməyi planlaşdırıb.
Qeyd edək ki, Tailandda COVID-19 virusuna qarşı vaksinasiya prosesində "AstraZeneca", "Pfizer/BioNTech", "Sinopharm" və "Sinovac" peyvəndlərindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin