ELM VƏ TƏHSİL
Tanınmış alimin 85 illik yubileyi qeyd olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin audiotexnika və televiziya sistemləri kafedrasının professoru, tanınmış alim Çingiz Əfəndiyevin anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr edilən tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov yubilyarın mənalı ömür yolundan, əmək fəaliyyətindən, gənc mühəndis kadrların hazırlanması, müasir televiziya və radiosistemlərin yaradılması və inkişafında xidmətlərindən danışıb.
Tədbirdə Azərbaycan Milli Aviasiya Akademiyasının prorektoru, professor Ənvər Həzərxanov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Texniki İstehsalat Birliyinin direktoru Arzu Abdullayev, həmin qurumun Teleradio İstehsalat Birliyinin sədri Əflatun Şərifov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Murad Hüseynov, AzTU-nun prorektoru, professor İlham Pirməmmədov, professor Ulduz Kəngərli və başqaları ölkəmizdə televiziya və radiosistemlərin inkişafı, respublikada ali təhsilli mühəndis-texniki kadrların hazırlanmasında alimin səmərəli fəaliyyətindən danışıblar.
Natiqlər ölkəmizdə şəhərlərarası telefon rabitəsi üçün külli miqdarda telefon kanallarının yaradılması, televiziya verilişləri yayımının keyfiyyətinin yüksəldilməsi, bəzi müəssisələrdə istehsalat proseslərinin avtomatlaşdırılması və xüsusi televiziya qurğusunun icad edilməsində professor Ç.Əfəndiyevin yaradıcı əməyini qeyd ediblər. Bildirilib ki, AzTU-da radiotexnika və televiziya sistemləri kafedrasının yaradılmasında, televiziya üsullarının təbabətdə tətbiq edilməsində alimin böyük rolu olub, səmərələşdirici təkliflərinə və ixtiralarına görə o, bir sıra fəxri mükafatlara layiq görülüb.
Sonda yubilyar göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.