REGİONLAR
Tanınmış futbolçunun maraqlı hobbisi VİDEO
Lənkəran, 22 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Dəniz kənarında balıq qulağı yığarkən çoxumuzun ağlına belə gəlmir ki, əlimizdəki dəniz sərvətindən əsl sənət əsəri yaratmaq olar. Elə Lənkəran sakini Fazil Əsədov kimi. Hər kəsin futbol mütəxəssisi kimi tanıdığı qəhrəmanımızın maraqlı hobbisi var. Lənkəran futbolunun tanınmış nümayəndəsi boş vaxtlarında dəniz kənarından topladığı balıq qulaqlarından maraqlı əl işləri yaradır.
AZƏRTAC xəbər verir ki, 1965-ci il dekabrın 26-sı Lənkəran şəhərində doğulan Fazil Beytulla Əsədov tanınmış veteran futbolçudur. Hələ SSRİ dövründə “Xəzər Lənkəran”, “Avtomobilçi” (Mingəçevir), “Şəfəq” (Sumqayıt) komandalarının, müstəqillik dövründə isə “Masallı”nın şərəfini qoruyub. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliklə məşğul olub. Lənkəranda ilk dəfə qızlardan ibarət futbol komandası yaradıb. Daha sonra “Xəzər Lənkəran”ın 1-ci dəstə komandasında və “Masallı”da baş məşqçi kimi çalışan Fazil Əsədov uzun illər Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində işləyib: “16 yaşında yeniyetmələr arasında SSRİ İdman ustası adına namizəd olmuşam, qızıl medala layiq görülmüşəm. Hazırda peşə liseyində “idman rəhbəri” vəzifəsində çalışıram. İdman işləri ilə yanaşı, balıq qulağından əl işləri də düzəldirəm”.
İdman mütəxəssisi deyir ki, bu işə marağı təsadüfən yaranıb. İlk dəfə topladığı rəngarəng balıq qulaqlarından hazırladığı əl işi özünün də xoşuna gəlib və bu, onun hobbisinə çevrilib. O, balıqqulağından daha çox güllər hazırlayır. 57 yaşında həm idmandan, həm də incəsənətdən doymayan Fazil Əsədovun ilk əl işinin düz 27 illik tarixi var.
Boş vaxtlarında balıq qulağından əsərlər yaradan həmsöhbətimiz onun ərsəyə gəlməsindən də danışır. Deyir ki, əl işi 24-26 saata quruyur, sonra laklanır. Daha sonra 4-5 günə quruyur, əlavələr edilir. O, əl işlərini satmır, ad günlərində qohumlarına, dostlarına hədiyyə edir.
Qeyd edək ki, Fazil Əsədov AFFA-nın keçirdiyi uşaq futbolu yarışlarının bölgə üzrə təşkilatçısı olub. Qəhrəmanımız Əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman işçisi, həmçinin Avropanın “B” kateqoriyalı məşqçisidir.