ELM VƏ TƏHSİL
Tarix Muzeyində Azıx mağarasından tapılmış alt çənə sümüyü qorunur
Bakı, 16 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda Qarabağda, Xocavənd rayonundakı Azıx mağarasından tapılmış alt çənə sümüyü qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 1968-ci ilin iyununda məşhur arxeoloq, professor Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar edib. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Paleoantropoloji tədqiqat zamanı professor Dəmir Hacıyev onların 18–22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirib. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlsə də, eyni zamanda, Neandertala yaxındır. Azıxantrop ilk paleoantropa keçid mərhələsidir. Təqribən 350–400 min il əvvəl yaşamış Azıxantrop dünyanın ən qədim insan qalıqlarından hesab olunur.