ELM VƏ TƏHSİL
Tarix Muzeyinə şəhid Mühüd Orucova məxsus əşyalar təhvil verilib
Bakı, 15 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin fonduna 2016-cı il Aprel döyüşlərində şəhid olmuş kapitan Mühüd Orucova məxsus materiallar təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhid kapitan M.Orucovun hərbi geyim dəsti, döyüş bıçağı, əlcəyi, fənəri, tapança qabı və sair əşyaları onun ailəsi ilə görüşən muzeyin elmi işçisi Sahibə Ələkbərova tərəfindən muzeyə təqdim edilib.
Qeyd edək ki, “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhidin ailəsi və döyüş yoldaşları ilə klub üzvlərinin görüşü təşkil ediləcək.
Mühüd Orucov Cəmşid Naxçıvanski adına hərbi liseydə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kəşfiyyat tağım komandiri vəzifəsinə təyin edilib. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlib. O, xidmət dövründə “Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları, “Qüsursuz xidmətə görə” III dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” II və III dərəcəli medallarla təltif edilib.
Kapitan Mühüd Orucov 2016-cı il aprelin 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı düşmənin atdığı tank mərmisinin partlaması nəticəsində şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.