QAN YADDAŞI
Tbilisinin mərkəzində Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib
Tbilisi, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Gürcüstanın paytaxtı Tbilisinin mərkəzindəki “Avropa meydanı”nda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə “Difai” azərbaycanlı gənclər təşkilatı keçirib.
Üzərində “Xocalıya ədalət!” yazısı olan jiletlər geyinmiş, əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını dalğalandıran gənclər mərkəzi Rike parkında şəhər sakinləri və əcnəbi qonaqlara Xocalı faciəsi barədə gürcü və ingilis dillərində məlumat vərəqələri və broşürlər paylayıblar.
“Difai" təşkilatının sədri Orxan Bayramov deyib ki, aksiyanın əsas məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək verməkdir. “Biz bu yolla həm də Gürcüstan ictimaiyyətini və Tbilisiyə gələn qonaqları Xocalı faciəsi barədə məlumatlandırmaq istəyirik”, - deyə O.Bayramov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi