SİYASƏT
Tehranda Azərbaycanın Müstəqillik Günü böyük təntənə ilə qeyd olunub VİDEO
Tehran, 25 may, AZƏRTAC
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının İrandakı səfirliyi Tehran şəhərinin möhtəşəm “İstiqlal” mehmanxanasında mərasim təşkil edib.
AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda Azərbaycan, İran, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin müavinləri, İranın dövlət rəsmiləri və tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin İrandakı səfirləri, diplomatlar, İran Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri və İranda yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə Azərbaycan və İranın Dövlət himnləri səsləndirilib. Səfir Əli Əlizadə çıxış edərək 28 May - Müstəqillik Gününün müsəlman dünyasında ilk dəfə demokratik respublikanın yarandığı tarixi gün olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoydu və Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratdı. Nəzərə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan yenidən öz suverenliyini bərpa etdi. 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqımız üçün növbəti şanlı tarixi Qələbə oldu. Azərbaycan Prezidenti 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan etdi və onun birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirilir. Mədəni və ictimai tədbirlərin keçirilməsi ənənəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya yenidən qayıdır.
Diplomat müstəqilliyimizin bərpasından sonra Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini və inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra tarixi Xudafərin körpüsünü ziyarət edən Prezident İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırdığını xatırladıb. Səfir bildirib ki, Azərbaycan və İran prezidentlərinin ötən il keçirilmiş səmimi görüşü iki ölkə arasında yeni səhifə açdı. Əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ötən il Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin 30 faiz artdığı vurğulanıb. Bu il Azərbaycanla İranın diplomatik münasibətlərinin yaradılmasının 30 illiyinin də qeyd olunduğunu bildirən Əli Əlizadə bu münasibətlə, eləcə də 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranla əməkdaşlıq əlaqələrinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda hər iki ölkə prezidentlərinin siyasi iradəsi ilə yüksələn xətlə inkişaf etdiyini bildirib.
İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi İranın Azərbaycanın müstəqilliyini daim arzulayan qonşu və qardaş ölkə olduğunu vurğulayıb. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Rüstəm Qasemi bu ərazilərə səfər etmiş ilk İran rəsmisi olduğunu bildirib. Nazir Azərbaycanla İran arasında həyata keçirilən çoxsaylı müştərək layihələr və əməkdaşlıq perspektivləri haqqında məlumat verib. Nazir İran İslam Respublikası Hökuməti adından Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edib.
Sonra 28 May - Müstəqillik Gününün 104-cü ildönümü üçün hazırlanmış rəmzi tort kəsilib.
Mərasim mədəni proqramla davam edib.
Rəsmi qəbulun keçirildiyi mehmanxananın foyesində Azərbaycanın tarixi-mədəni, eləcə də digər görməli yerlərinin əks olunduğu fotoşəkillərdən ibarət sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, turizm potensialı və iqtisadi uğurlarına dair müxtəlif videoçarxlar da nümayiş olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran