ELM VƏ TƏHSİL
Tələbələr Mərdəkanda valideyn himayəsindən məhrum uşaqlara baş çəkiblər
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının sosial iş ixtisası üzrə təhsil alan tələbələri və əməkdaşları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində olublar.
Akademiyanın müəllimi Xaqani Məmmədov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, görüşə həvəslə hazırlaşan tələbələr körpələrlə davranış qaydalarını nəzəri olaraq bildikləri üçün elə ilk dəqiqələrdən uşaqlarla dostlaşa biliblər. Akademiyanın tələbələri valideyn himayəsindən məhrum uşaqların taleləri, cəmiyyətə münasibətləri, internatda keçirdikləri günlər barədə ürək sözlərini dinləyiblər. Xoş əhvali-ruhiyyə ilə keçən tədbirdə tələbələr gətirdikləri hədiyyələri süfrə ətrafında körpələrə təqdim edərək onların istək və arzuları ilə maraqlanıblar.
X.Məmmədov bildirib ki, görüşdə tələbələr şeirlər səsləndirib, mahnı töhfələri ilə uşaqları sevindirib və onlarla rəqs ediblər. Bundan əlavə, ad günü olan balacalara xüsusi hədiyyələr verilib və onların şən klounla əylənmələri təmin edilib. Uşaqlar görüşdən razı qalıblar.