ELM VƏ TƏHSİL
Tələbələr bayrağımızın tarixi barədə məlumatlandırılıblar
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 9 noyabr – Dövlət Bayrağı Gününə və 12 noyabr – Konstitusiya Gününə həsr olunan maarifləndirici mühazirə təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, mühazirəni bu ali məktəbin müəllimi, Bilik Fondunun lektoru, tarix elmləri doktoru, professor Anar İsgəndərov aparıb.
Əvvəlcə Bilik Fondunun ölkədaxili layihələr sektorunun əməkdaşı, dosent Elnarə Əliyeva təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Azərbaycan Universiteti ilə Bilik Fondu arasında cari ilin aprelində anlaşma memorandumunun imzalandığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, memoranduma əsasən tərəflər ölkə əhalisinin maarifləndirilməsi, milli mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərir, müştərək layihələr həyata keçirirlər.
Professor A.İsgəndərov üçrəngli bayrağımızın və Azərbaycan Respublikasının Konstitusiyasının yaranması tarixindən danışıb. 1918-ci il mayın 28-də qurulmuş, Şərqdə və türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk bayrağı barədə məlumat verilib.
Professor qeyd edib ki, keçmiş sovet imperiyası dövründə AXC-nin bayrağı qırmızı rəngli, oraq-çəkicli bayraqla əvəzlənib. AXC-nin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa edilib və muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də isə bu bayraq Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncama əsasən noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
A.İsgəndərov Bakıdakı Dövlət Bayrağı Meydanı haqqında da məlumat verib.
Nəzərə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə respublikanın ilk Milli Konstitusiyası qəbul olunub. Bu gün, 1996-cı il noyabrın 1-də ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.