ELM VƏ TƏHSİL
Tələbələrin “səyyar kinoteatr”ı beynəlxalq sərgidə
Bakı, 4 dekabr, AZƏRTAC
“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri öz startap layihələri ilə təmsil olunurlar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən sərgiyə universitetin Zaqatala filialının 3 tələbəsi “səyyar kinoteatr” startapı ilə qatılıb. Layihənin ideya rəhbəri maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsi Əli Əhmədzadə, meneceri mühasibat uçotu və audit ixtisası üzrə 4-cü kurs tələbəsi Mir Həsən Dadaşov, kontent meneceri isə maliyyə ixtisası üzrə 2-ci kurs tələbəsi Nicat Mürsəlovdur.
“Səyyar kinoteatr” hər ay müntəzəm olaraq ölkəmizin fərqli bölgələrində kütləvi şəkildə filmlər nümayiş etdirəcək bir layihədir. Müəlliflərin sözlərinə görə, sərginin ilk günündən startapa maraq yüksək olub. Yüzdən artıq ziyarətçi, o cümlədən sinema şirkətləri layihənin reallaşdırılmasında maraqlı olduqlarını bildirib.
Sərgi dekabrın 6-dək davam edəcək.