REGİONLAR
Tərtər: Mollalar kanalı vasitəsilə 3800 hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb
Tərtər, 3 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətdə tədbirlər davam etdirilir.
Rayon suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov AZƏRTAC-a bildirib ki, Mollalar, İsmayılbəyli, Qaraqoyunlu, Küçərli kəndlərinin 3800 hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi, suvarma zamanı su itkisinin qarşısı alınması məqsədilə Mollalar kanalına beton üzlük çəkilməsi başa çatdırılıb. Uzunluğu 3 kilometr olan kanalda 4 körpü, 7 suburaxıcı quraşdırılıb.
Qeyd edək ki, rayon suvarma sistemləri idarəsi 27 min 513 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Əkinlərin 13 min 500 hektarı subartezian quyuları, 300 hektarı Yuxarı Qarabağ kanalı üzərində qurulmuş nasos stansiyaları, 13 min 713 hektarı Tərtər çayı vasitəsilə suvarılır.
Cari ildə rayonun suvarma kanallarında 257 min kubmetr lildən təmizləmə işi aparılıb. Buruc-Sarıcalı arxının 300 metr hissəsinə beton üzlük çəkilib. İlin sonunadək Evoğlu arxında 100 metr beton üzlüyün çəkilməsi nəzərdə tutulur.