“The Holland Times” qəzetində Avropa Oyunları barədə məqalə dərc edilib
AzerTAg.az

Haaqa, 5 mart, AZƏRTAC
Niderlandın “The Holland Times” qəzetinin mart buraxılışının bir səhifəsi bütünlüklə “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunub.
Məqalədə Avropa Oyunlarının tarixindən bəhs edilir. Bildirilir ki, Avropa Oyunları 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında təsis olunub. Həmin toplantıda Avropa dövlətlərinin Milli Olimpiya komitələrinin böyük əksəriyyəti Avropa Oyunlarının təsis edilməsinin və bu yarışın ilk dəfə Azərbaycanda keçirilməsinin lehinə səs verib.
Məqalənin müəllifi Azərbaycanın bir çox beynəlxalq miqyaslı yarışlara ev sahibliyi etdiyi, ilk Avropa Oyunlarının iyunun 12-dən 28-dək keçiriləcəyi, habelə yarışların təşkil ediləcəyi obyektlər barədə məlumat verilir. Oyunlara hazırlıq işlərinin yüksək templə davam etdiyi, atletlər kəndinin inşasının sürətlə aparıldığı və yaxın vaxtlarda istifadəyə tam hazır olacağı diqqətə çatdırılır. Qeyd olunur ki, ilk Avropa Oyunlarına yüksək səviyyəli hazırlığın nəticəsidir ki, artıq bir çox ölkələr 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ikinci Avropa Oyunlarına böyük maraq göstərməyə başlayıb və öz namizədliklərini irəli sürməyə hazırlaşırlar.
Yazıda “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi simvolları olan ceyran və nar barədə də oxuculara məlumat verilir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa
Xəbərin mətnində orfoqrafik səhv var