DÜNYA


Tokioda Hellouin bayramı qeyd olunmuşdur

Tokio, 1 noyabr (AZƏRTAC). Oktyabrın 31-də Yaponiyada Hellouin bayramı qeyd olunmuşdur. Bütün ictimai yerlərdə bu qədim bayramın rəmzi olan içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqlar düzülür. Hər yerdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər - hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, butaforlar qoyulur. Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, uşaqların və gənclərin həmin gün geyinərək şənlənəcəyi nağıl qəhrəmanlarının xüsusi paltarları, maskalar satılır. Şirniyyatlar Hellouinin rəmzləri şəklində qablaşdırılaraq satışa qoyulur. Bayram ərzində maksimum şənlənmək üçün hətta küknar ağacı da bəzədilir.

“Amerika Ensiklopediyası”nda deyilir ki, Hellouin ayinləri xristianlıqdan əvvəlki dövrə aiddir və qədim keltlərin kahinləri druidlərin ayinləri ilə baǧlıdır. İrlandiya, Şimali Fransa və İngiltərədə məskunlaşan kelt tayfalarının ili iki hissədən ibarət idi – yay və qış. Yay fəslindən qışa keçid məhsul yığımının sonuna düşürdü və oktyabrın 31-də qeyd edilirdi. Bu həm də yeni ilin başlanğıcı hesab olunurdu.

Qədim adətlərə görə, noyabrın 1-nə keçən gecə dirilərlə ölülər dünyası arasındakı sərhəd açılır və qədim xalqların əsas bayramı olan həmin gün Samheyn adlanırdı. Bütpərəst keltlər ölülərin kölgəsinin qurbanı olmamaq üçün həmin gecə heyvanların başını və dərisini geyər, evdə ocağı söndürər, öz qorxunc görkəmləri ilə kabusları qorxutmağa çalışardılar.

Müasir dövrümüzdə gənclərin sevimli bayramına çevrilmiş Hellouin Tokionun Şibuya, Ropponqi və Haraguku kimi əyləncə mərkəzlərində xüsusi təmtəraqla qeyd edilir. Oktyabrın 31-də noyabrın 1-nə keçən gecə müxtəlif qorxulu paltarlar, geniş populyarlıq qazanmış anime və cizgi qəhrəmanlarının uniformalarını geyinmiş, maskalar taxmış gənclər biri-birini əyləndirir, səhərə qədər şənlənirlər. Hər yerdə “Happy Hellouin” sədaları eşidilir, insanlar bir-birini təbrik edirlər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.