İDMAN
Topaz Premyer Liqası: “Keşlə” klubu “Sabah”ı böyük hesabla məğlub edib
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Topaz Premyer Liqasının 20-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış görüşü “ASK Arena” stadionunda keçirilib. “Keşlə” debütant “Sabah” klubu ilə üz-üzə gəlib.
İlk dəqiqələrdən rəqibin qapısı önündə təhlükəli hücumlar yaradan “Keşlə” matçın 26-cı dəqiqəsində hesabı açıb. Conatan Ayite cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0.
Fasiləyə qədər hesab dəyişməyib.
Qarşılaşmanın ikinci hissəsi başlayan kimi meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar. Conatan Ayite adını tabloya yazdıraraq oyunda dublunu rəsmiləşdirib – 2:0. Matçın 66-cı dəqiqəsində “Keşlə” yenidən fərqlənməyə nail olub. Cabir Əmirli fərdi ustalığı sayəsində rəqibin qapıçısına şans verməyib – 3:0.
Qalan dəqiqələrdə hücumların kəsərini artıran “Sabah” fərqlənməyə yaxın olsa da, paytaxt təmsilçisi qapısını toxunulmaz saxlayıb.
Bu qələbədən sonra xalların sayını 19-a çatdıran “Keşlə” turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Sabah” isə 21 xalla 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun birinci gününün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Çempion “Qarabağ” “Zirə” klubunu qəbul edəcək. Görüş 18:30-da start götürəcək.