MƏDƏNİYYƏT
Turizm məlumat bazası yaradılacaqdır
Bakı, 16 fevral (AZƏRTAC). Fevralın 16-da Azərbaycanda Regional İnkişaf Mərkəzinin (ARİM) təşkilatçılığı ilə “Trend” Mətbuat Mərkəzində “Geoinformasiya texnologiyaları əsasında turizm məlumat bazasının yaradılmasının zəruriliyi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Azərbaycanın turizm üçün geniş imkanlara malik olduğunu bildirən ARİM-in sədri, professor Çingiz İsmayılov turizm məlumat bazasının yaradılmasının vacibliyindən bəhs etmişdir.
Bildirilmişdir ki, turizm obyektləri ilə bağlı məlumatlar səthi şəkildədir. Bu baxımdan geoinformasiya texnologiyalarından istifadə etməklə yeni məlumat bazasının yaradılmasına zərurət vardır. Tanınmış turizm mərkəzləri olan bəzi ölkələrdə baş verən siyasi münaqişələr şəraitində xarici turistlərin respublikaya cəlb etmək imkanları artır. Yaradılacaq geoməlumat bazasında turizm obyektləri, tarixi-memarlıq abidələri, mehmanxanalar və digər mühüm obyektlər haqqında həm təsviri, həm də mətn məlumatı veriləcəkdir. Bu da respublikamızda turizmin inkişafına geniş imkanlar aça bilər.
Sonra mərkəzin icraçı direktoru Elvin Alıyev geoinformasiya sisteminin imkanları, tətbiqi sahələri barədə məlumat vermiş, həyata keçirəcəkləri layihənin əhəmiyyətindən danışmışdır.