DÜNYA
Türk Şurasına üzv dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün möhkəm zəmin var
Bişkek, 18 oktyabr, AZƏRTAC
Qırğızıstan Baş nazirinin müavini Jeniş Razzakov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Jeniş Razzakov Bağdad Amreevi bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, əmin olduğunu bildirib ki, onun bilik və təcrübəsi təşkilatın daha da güclənməsinə təkan verəcək.
Görüşdə Jeniş Razaakov TDƏŞ üzvü olan dövlət başçılarının bu ilin sentyabrında Çolpon-Ata şəhərində altıncı Sammitinin uğurla keçirildiyini bildirib. O qeyd edib ki, getdikcə güclənən Türk Şurasına üzv dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün sabit və möhkəm zəmin var.
Baş nazirin müavini TDƏŞ çərçivəsində bütün istiqamətlərdə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
Bağdad Amreev təşkilatın fəaliyyətindən və gələcək planlarından danışıb. O deyib ki, türkdilli dövlətlər arasından müxtəlif sahələrdə inteqrasiyanın dərinləşdirilməsi üçün bundan sonra da fəal iş aparacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek