CƏMİYYƏT
Türkiyədə müalicə olunan qazilərimiz üçün Bursa şəhərində Novruz bayramı şənliyi təşkil olunacaq
Ankara, 18 mart, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində hərbi attaşelik aparatı tərəfindən Novruz bayramı münasibətilə Türkiyədə müalicə alan və reabilitasiya prosesi keçən qazilərimiz üçün martın 19-da Bursa şəhərində təntənəli bayram mərasimi təşkil ediləcək.
Azərbaycanın Türkiyədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, əzəmətli “Sheraton Bursa” otelində təşkil olunacaq bayram şənliyində Ankara, Kocaeli və Bursa şəhərlərində bərpa və müalicə prosesi keçən qazilərimiz və onların yanındakı ailə üzvləri, qazilərimizi müalicə edən həkimlər və digər tibb işçiləri, Bursada təhsil alan tələbələrimiz, habelə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak edəcəklər.
Azərbaycan Respublikasından təşrif buyuran musiqi qrupu bayram mərasimində milli musiqimizin nümunələri ilə qəhrəman qazilərimizin könlünü oxşayacaq, bayramlarını təbrik edəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara