DÜNYA
Türkiyədə növbəti prezident seçkilərində ən güclü namizəd Rəcəb Tayyib Ərdoğandır - Ekspert
İstanbul, 5 dekabr, AZƏRTAC
Türkiyədə qarşıdan gələn prezident seçkilərində qələbəyə ən güclü namizədin Rəcəb Tayyib Ərdoğan olduğu görünür. Hazırda namizədliyi təsdiqlənən ilk şəxs də odur. Prezident Ərdoğan xalqın böyük əksəriyyəti tərəfindən də sevilən liderdir.
Bu fikirləri 2023-cü ildə Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı AZƏRTAC-a müsahibəsində türk siyasi ekspert Ali Limoncuoğlu bildirib.
O qeyd edib ki, bununla yanaşı, Türkiyədə müxalifət partiyalarından ibarət iki ittifaq da var. Bunların namizədləri hələlik bəlli deyil. Müxalifətin irəli sürəcəyi üç nəfər var. Altılı ittifaqın ən böyük partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu olduğu üçün onun namizədliyinin təklif ediləcəyi gözlənilir. Bundan əlavə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın da prezidentliyə namizəd kimi göstəriləcək adlar arasındadır. Hər üç müxalif namizədin müsbət və mənfi cəhətləri var. Bəzilərinin xalqın müəyyən hissəsi tərəfindən sevilməsinə baxmayaraq, müxalifətin birlik nümayiş etdirməməsi əhalinin onlara etibarını azaltdı. Bu, əsas mənfi amillərdəndir. Elə bu səbəbdən də müxalifət alternativ olaraq görünmür. Seçkilərə az vaxt qalmasına baxmayaraq, müxalifətin namizədlərini hələ də irəli sürməməsi nəticənin təxmin olunmasının da qarşısını alır.
Ekspert, həmçinin deyib: “Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan Cümhur İttifaqı göstərdikləri həmrəyliklə xalqın daha çox rəğbətini qazanıb. Eyni həmrəyliyi müxalifətdə görə bilmirik. Onların arasında sanki bir uyğunsuzluq var”.
Son illər dünyada baş verən iqtisadi böhrana toxunan müsahib bunun Türkiyədən də yan keçmədiyini və onun seçicilər arasında fikir ayrılığı yaratdığını vurğulayaraq bildirib: “Ölkə başçımızın xarici siyasət və terrorla mübarizə sahələrində aktiv fəaliyyəti hər iki istiqamətdə müsbət irəliləyişlərə səbəb və dövlətə dəstək oldu. Bütün bunlar hazırda yaşadığımız iqtisadi böhrana baxmayaraq, xalqın müxalifətə doğru meyillənməsinin qarşısını alan amillərdəndir”.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul