CƏMİYYƏT
Türkiyəli psixoloqlardan ibarət nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 21 yanvar, AZƏRTAC
Türkiyədən Azərbaycana gələn 20 psixoloqdan ibarət nümayəndə heyəti yanvarın 21-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri və onları müşayiət edən Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Elşad Hüseynov, Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
Daha sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.