DÜNYA
Türkiyənin Baş naziri: Ankaranın Akıncı bölgəsindəki 4-cü əsas qırıcı təyyarə bazası bağlanacaq
Bakı, 29 iyul, AZƏRTAC
Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı qiyamçıların istifadə etdiyi, Ankaranın Akıncı bölgəsində yerləşən 4-cü əsas qırıcı təyyarə bazası bağlanacaq.
AZƏRTAC Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Ankaradakı Kazan meydanında çıxışı zamanı deyib.
Binəli Yıldırım bildirib ki, iyulun 15-də Türkiyə xalqı çevrilişə cəhd edənlərin qarşısında möhkəm dayandı. Xainlərin istifadə etdikləri Akıncı hərbi bazası bağlanacaq və ora şəhidlərin xatirəsinin yaşadılacağı bir yer olacaq. Bu xalqın pulu ilə alınan təyyarələrdən, helikopterlərdən bombaları mərhəmətsizcə xalqın üzərinə atanlar cəzalarını alacaqlar.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar dövlət çevrilişinə cəhd zamanı qiyamçılar tərəfindən məhz bu bazada girov saxlanılırdı.