ELM VƏ TƏHSİL
ÜÇ AZƏRBAYCANLI YAPONİYADA TƏHSİL ALMAQ HÜQUQU QAZANACAQ
2003/2004-cü tədris ilində üç azərbaycanlı Yaponiyanın ən mötəbər universitetlərində təhsil almaq hüququ qazanacaqdır.
Yaponiyanın Bakıdakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, diplomatik nümayəndəliyin əməkdaşları iki ölkənin mədəniyyət sahəsində bir-birinə yaxınlaşması proqramı çərçivəsində üç tələbə seçəcəklər. Onlara Yaponiyanın ali təhsil ocaqlarında bakalavr, magistr dərəcələri və fəlsəfə elmləri doktoru adı almaq imkanı veriləcəkdir.
Azərbaycanlı tələbələrin təhsili ilə bağlı bütün xərcləri Yaponiya tərəfi öz üzərinə götürür. Yaponiya hökuməti onlara aylıq təqaüd də verəcəkdir.
İndiyədək yalnız bir nəfər azərbaycanlı Yaponiyada ali məktəbi bitirmişdir. Səfirlikdə hesab edirlər ki, bu, tamamilə qeyri-normal haldır.