ELM VƏ TƏHSİL
UNEC-də müəllim işləmək istəyənlər üçün yeni imkan yaradılıb
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) gələcəyini müəllimlik peşəsinə həsr etmək istəyən, tələbələrlə çalışmağa həvəs göstərən, öz bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəsi müsahibəyə dəvət edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, 2018/2019-cu tədris ili üçün türk dünyası işlətmə fakültəsində iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi və marketinq ixtisasları üzrə türk dilində dərs keçmək istəyənlər CV formalarını [email protected] email ünvanına göndərməlidirlər. UNEC-in Zaqatala filialında iqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə, turizm və otelçilik, biznesin idarə edilməsi, menecment, marketinq və informasiya texnologiyaları ixtisasları üzrə Azərbaycan dilində dərs demək istəyənlər də həmin ünvana müraciət edə bilərlər. CV formalarının qəbulu martın 15-dək davam edəcək.
Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir. Zaqatala filialına qəbul zamanı bu regiondan olan namizədlərə üstünlük veriləcək. Müraciətləri müsbət dəyərləndirilən namizədlərlə fərdi müsahibə təşkil olunacaq.