REGİONLAR
UNESCO-nun nümayəndə heyəti AMEA-nın Naxçıvan Bölməsində olub
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
UNESCO-nun Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatının nümayəndə heyəti AMEA-nın Naxçıvan Bölməsində olub.
AMEA-nın Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev qonaqlara aparılan mühüm elmi araşdırmalar barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, bu gün sürətlə inkişaf edən Nахçıvаnda təkcə tikinti-quruculuq işləri aparılmır, qədim diyar həm də bütün istiqamətlər üzrə öyrənilir. Bölmənin əməkdaşları Naxçıvanın tarixinin, mədəniyyətinin, təbii ehtiyatlarının və biomüxtəlifliyinin obyektiv, hərtərəfli öyrənilməsində, eyni zamanda, II cilddə “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), III cilddə “Naxçıvan tarixi”, II cilddə “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, III cilddə “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və digər bu kimi bir sıra fundamental, əsərlərin nəşr olunmasında yaxından iştirak ediblər.
UNESCO-nun Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatının nümayəndə heyətinin üzvləri bildiriblər ki, 2005-ci ildən fəaliyyət göstərən təşkilat ötən illərdə dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edir. Təşkilat Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında da kəhrizlərlə bağlı qarşılıqlı əməkdaşlıq əlaqələri yaradıb.
Muxtar respublika ərazisindəki kəhrizlərin Naxçıvanın tarixi qədər qədim olduğunu bildirən heyət üzvləri, region ərazisindəki kəhrizlərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsini dəstəkləyəcəklərini vurğulayıblar.
Sonda qonaqlara “Naxçıvan Abidələri Ensiklopediyası”, “Əlincəqala”, “AMEA Naxçıvan Bölməsi haqqında” kitabları təqdim olunub.