DÜNYA
ÜST: Milyonlarla uşaq vacib peyvəndlərlə təmin oluna bilmir
Cenevrə, 27 aprel, AZƏRTAC
Dünyanın 50-dən çox ölkəsində qızılca, poliomielit, sarı qızdırma və digər viruslara qarşı mühüm peyvənd kampaniyaları koronavirus pandemiyası ucbatından həyata keçirilə bilmir.
AZƏRTAC xəbər verir ki, hazırda əksəriyyəti uşaqlar olmaqla 228 milyon insan qarşısı asanlıqla alına bilən, lakin peyvənd əlçatan olmadığına görə həyati təhlükə doğuran xəstəliklərə yoluxa bilərlər. Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) və UNICEF (BMT-nin Uşaq Fondu) birgə yayıblar.
Qeyd edilir ki, hələ koronavirus pandemiyasından əvvəl qızılca ilə bağlı narahatlıq doğuran trend müşahidə olunurdu. Milyonlarla uşaq bu virusa qarşı peyvənd edilə bilmir və pandemiya onsuz da ağır olan vəziyyəti dözülməz hala gətirib. Son dövrlərdə Konqo, Pakistan və Yəməndə qızılcaya kütləvi yoluxmalar qeydə alınsa da, peyvəndlə tədarük zəncirində qırılmalar təminatın aşağı düşməsinə səbəb olub. Belə ki, UNICEF 2019-cu ildə 2,29 milyard peyvənd dozası payladığı halda, 2020-ci ildə bu göstərici 2,01 milyard dozaya düşüb.
Bu səbəbdən də beynəlxalq qurumlar 2030-cu ilədək 50 milyon ölüm halının qarşısını almağa yönəlmiş yeni təşəbbüsə start veriblər. Təşəbbüsün hədəfi dünya üzrə azyaşlı uşaqların 90 faizini bütün vacib peyvəndlərlə təminatına nail olmaqdır. Buraya qızılca, qulaqdibi (parodit), məxmərək, eləcə də hepatit, vərəm, poliomielit və insan papilloma virusları (HPV) daxildir. Eyni zamanda indiyədək heç bir peyvənd vurulmamış uşaqların sayı yarıbayarı azaldılmalıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə