CƏMİYYƏT
ÜST-ün mütəxəssisləri koronaviruslu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər
Bakı, 31 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 10 günlük missiyası Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsinin və test strategiyasının gücləndirilməsini tövsiyə edir.
AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Bu həftə ÜST-nin COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir. Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərdən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və əldə etdiyimiz biliklərdən gələcək aylarda necə istifadə edəcəyimizi görməyə imkan verdi. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri, COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər”, - deyə H.Harmancı qeyd edib.