REGİONLAR
Üç şəhər və “Şahdağ” Turizm Mərkəzinin tullantı sularını təmizləyən kompleksin tikintisi davam edir VİDEO
Xaçmaz, 24 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda sutkalıq məhsuldarlığı 60 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksinin tikintisinin ilkin mərhələsi yekunlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gülalan kəndi ərazisində inşa olunan bu qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin “Şahdağ” Turizm Mərkəzinin tullantı suları təmizlənib kənarlaşdırılacaq.
Hazırda qurğunun əsas hissələrindən olan çirkab sularının toplanacağı havalandırma hovuzları tikilir. Kompleksə daxil olan üç hovuzdan birincisinin, o cümlədən inzibati binaların inşası yekunlaşmaq üzrədir. Bundan əvvəl çirkab suların sutəmizləyici qurğuya axıdılması üçün min metr, təmizlənmiş suyun isə qurğudan Qudyalçay hövzəsinə axıdılması üçün 1800 metrlik, diametri 1400 millimetr olan su şəbəkəsi çəkilib.
Sahə rəisi Çingiz Cəfərov deyib ki, tikinti sahəsi 10 hektar ərazini əhatə edir. Layihəyə əsasən, qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu və yağayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya və digər sistemlər quraşdırılacaq. Tullantı sutəmizləyici qurğu kompleksində inzibati bina, kompressor, transformator və digər yardımçı tikililərin yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, Quba, Qusar, Xaçmaz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi tam başa çatıb. Bu şəhərlərin sakinləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. İstifadə olunmuş suların kənarlaşdırılması məqsədilə kanalizasiya kollektoru, müxtəlif diametrli təzyiqli çirkab su xətləri çəkilib.