REGİONLAR
Uğurlu karyera könüllülükdən başlayır
Astara, 8 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 7-də Astara şəhərindəki Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Uğurlu karyera könüllülükdən başlayır!” layihəsi çərçivəsində təlim kursu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək, onların vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq, gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka, həmçinin könüllü fəaliyyətlərə həvəsləndirməkdir.
Tədbirdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rufan Şirinov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub.
Qeyd edilib ki, layihənin reallaşması həm “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclərin könüllülük fəaliyyətinə cəlbi, həm də regionda gənclərin bu fəaliyyətə qoşulması baxımından mühüm əhəmiyyət daşıyır.
Layihə rəhbəri Nilufər Mahmudzadə Gənclər Fondu və layihə haqqında ətraflı məlumat verərək, iştirakçıları əsas məqsəd və qarşıda duran vəzifələri haqqında məlumatlandırıb.
Sonra çıxış edən layihənin koordinatoru Elbəy Fətəliyev bildirib ki, vaxtilə ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrdə, eləcə də müxtəlif təşkilatlarda könüllü kimi fəaliyyətə başlayan gənclər könüllülüyün onlara verdiyi bilik və təcrübə sayəsində bu gün müxtəlif qurumlarda məsul vəzifələrdə çalışmaqla Vətənə xidmət edirlər.
E.Fətəliyev gənclərin bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələrini tövsiyə edib.
Təlimçi Rafət Şirəliyev könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericilik bazası, könüllülük sahəsində yerli və beynəlxalq təcrübə barədə gəncləri məlumatlandırıb.
Qeyd edək ki, layihə çərçivəsində növbəti təlim kursları Lənkəran və Masallı rayonlarında keçiriləcək.