ELM VƏ TƏHSİL
Ukrayna Azərbaycan ilə seysmologiya sahəsində əməkdaşlıqda maraqlıdır
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) T.Şevçenko adına Kiyev Milli Universitetinin Geologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, geologiya-mineralogiya elmləri doktoru Vladimir Mixaylov ilə görüş keçirilib.
RSXM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
Söhbət zamanı tərəflər birgə elmi tədqiqatların aparılması imkanları, təcrübə mübadiləsi istiqamətində müzakirələr aparıblar.
Görüşdə, həmçinin RSXM-in zəlzələlərin tədqiqatı bürosu rəisinin müavini R.Kərimova mərkəzdə aparılan tədqiqat işləri, zəlzələlərə dair məlumatların emalında yeni proqramların tətbiqi, əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.
RSXM-də görülən işləri yüksək dəyərləndirən qonaq diqqətə çatdırıb ki, Ukrayna Azərbaycan ilə seysmologiya sahəsində əməkdaşlıqda maraqlıdır.