HEYDƏR ƏLİYEV - 100
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə layiqli töhfə


Bakı, 2 iyun, AZƏRTAC
Bu günlərdə Qırğızıstanın paytaxtı Bişkekdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq “Xalqa bağışlanmış ömürdən anlar” adlı kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, yüksək poliqrafik üslubda işıq üzü görən 416 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərın Sıyasətınə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib.
Qeyd edək ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur.
Kitab Gəncə Dövlət Universitetinin dosenti, Prezident təqaüdçüsü Bayram Apoyevin "Heydər Əliyev- Tolerantlığın və multikulturalizmin alovlu carçısıdır" sərlövhəli məqaləsi ilə açılır. Daha sonra Ulu Öndərin xalqa bağışlanan ömrünün əsas anlarına həsr olunmuş materiallar xronoloji ardıcıllıqla verilib. Həmin materiallarda Ulu Öndərin müsahibə və çıxışları, tanınmış dövlət və hökumət başçılarının, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin Heydər Əliyev haqqında fikirləri öz əksini tapıb.
“Xalqa bağışlanmış ömürdən anlar” kitabında yer almış bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-dan götürülüb.
Kitabın rus dilində çap edilməsi ondan təkcə Türkdilli dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək.
Fond öz ənənəsinə sadiq qalaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabı pulsuz yayacaq.
Xatırladaq ki, kitabın ilk təqdimatı Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı nəzərdə tutulur.