REGİONLAR
Ulu Öndərin 100 illik yubileyi münasibətilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində tədbir keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində tədbir keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar öncə Ulu Öndərin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövrü Azərbaycanın ən yeni tarixində dönüş illəri, ictimai-siyasi həyatın sürətli tərəqqisi dövrü olub. Bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi həmin illərdə təməli qoyulmuş potensial olmadan mümkün deyildi. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü daha mürəkkəb tarixi şəraitə təsadüf edirdi. 1990-cı illərin əvvəllərində öz müstəqilliyini yenicə qazanmış Azərbaycanda xaos, ciddi iqtisadi böhran yaşanırdı. Həmin mürəkkəb şəraitdə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olundu. Qısa zamanda yaradılmış ictimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrildi. Belə bir şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə makroiqtisadi sabitliyin bərpa edilməsi idi. İnflyasiya, büdcə kəsiri dəfələrlə azaldıldı. Məzənnə sabitləşdirildi, manat ölkədə yeganə ödəniş vasitəsi kimi çıxış etməyə başladı.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Qəbul olunmuş proqramlar əsasında bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı, özəl bankların sayı optimallaşdırıldı. Makroiqtisadi və maliyyə stabilliyinin təmin edilməsi şəraitində əhalinin bank sisteminə inamı bərpa olunmağa başladı.
Ümumilikdə, Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə sabitlik, islahat və inkişaf triadası iqtisadiyyatın xarakterik xüsusiyyətinə çevrildi, əhalinin sosial vəziyyəti əhəmiyyətli yaxşılaşdı. Məhz bütün bu qeyd edilən illər ərzində atılmış addımlar sayəsində bu gün müasir dövlət, güclü iqtisadiyyat və inklüziv cəmiyyət hədəfi artıq reallığa çevrilmişdir.
G.Paşayeva deyib ki, Mərkəzi Bank müxtəlif sosial-mədəni layihələr icra etməklə əsasən intellektualyönümlü korporativ sosial məsuliyyət fəaliyyətini həyata keçirir. Bu istiqamətdə Mərkəzi Bankın müəllifi olduğu uğurlu layihələrdən biri də Biləsuvar rayonunda yerləşən, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Təhsil Kompleksidir. 2010-cu ildə Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə məktəbin məhz insanların keyfiyyətli, fərqli təhsilə daha çox ehtiyaclarının olduğu regionda fəaliyyətə başlaması burada yaşayan insanlar üçün əvəzedilməz hədiyyə olmuşdur. Bu gün bu təhsil ocağında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Neftçala, Salyan və digər bölgələrdən şagirdlər təhsil almaqdadırlar.
Təhsil Kompleksi ən müasir tələblərə cavab verən infrastruktur və maddi-texniki bazaya malikdir, həmçinin regionun ən yüksək pedaqoji bacarıqlara malik təhsil mütəxəssisləri burada çalışır. Məktəbdə akademik fəaliyyətlərin inkişafı ilə yanaşı şagirdlərin sosial mühitinin formalaşdırılması əsas prioritetlərimizdəndir. Şagirdlərimiz üçün müxtəlif musiqi, idman, intellektual yarışlar və bədii qiraət kimi fəaliyyətlər təşkil edilir. Bu təhsil ocağının məqsədi mübariz gənclər yetişdirməkdir.
Çıxış edən digər natiqlər vurğulayıb ki, Ümummilli Liderimizin Azərbaycan xalqı və bütöv region üçün gördüyü misilsiz işlərin əhəmiyyəti və əzəməti zaman keçdikcə daha yaxşı dərk olunur. Heydər Əliyev dövlətçilik məktəbi bundan sonra da müstəqil Azərbaycanın onilliklər boyu tərəqqi etməsində ideoloji nüvə olaraq qalacaq.
Tədbir məktəbin şagirdləri tərəfindən Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bədii proqramla davam edib.