CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH), Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirilib.
RİH-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatları Azay Quliyev, Madər Musayev, Kamaləddin Qafarov, rayon ictimaiyyəti və fəal gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini 1 dəqiqəlik sükut ilə yad ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Azay Quliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafeləri çevrəsində bir araya gəlməsi üçün fundamental baza rolunu oynadığını bildirib.
Milli Məclisin deputatı Kamaləddin Qafarov Ümummilli Liderin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu qeyd edib.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova deyib: “Ümummilli lider Heydər Əliyev bizlərə Azərbaycanın nurlu sabahı uğrunda, lazım gələrsə, öz həyatımızı qurban vermək, milli yüksəliş naminə fərdi maraqların fövqündə dayanmağı bacarmaq, Vətənə təmənnasız xidmət kimi ən şərəfli idealları aşılayır”.
Binəqədi RİH-in başçısı Elxan Allahverdiyev Ulu Öndərin Azərbaycan Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdiyini bildirib. O, Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla parlaq gələcəyə doğru addımladığını, bu yolun Heydər Əliyev yolu olduğunu qeyd edib.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissə zamanı Ümummilli Liderin sevdiyi musiqiləri özündə əks etdirən ifalar ilə bərabər qonaqlara Heydər Əliyevə həsr edilmiş şeir və musiqi kompozisiyaları təqdim olunub.
Sonda Xalq artisti Faiq Ağayevin ifasında “Dahi” mahnısı səsləndirilib.