CƏMİYYƏT
Ustanın təmir işləri görərkən ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Sabunçu Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla rayonun Bakıxanov qəsəbəsində yerləşən “Baku Electronics” elektrik avadanlığı dükanına məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq öldüyü müəyyən olunub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.