İQTİSADİYYAT
Uzunmüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 17 mart, AZƏRTAC
Martın 29-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, kuponlu, uzunmüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, faiz gəliri 6 faiz, tədavül müddəti 2548 gündür. İstiqrazlar 2029-cu il yanvarın 30-da ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.