DÜNYA
V4 qrupunun rəhbərləri... öz ölkələrini müsəlmanlardan “qorumaq” üçün Rodosda görüşəcəklər
Praqa, 10 avqust, AZƏRTAC
Çexiya Respublikasının Prezidenti Miloş Zeman sentyabrın sonu – oktyabrın əvvəlində “Rossiyskiye Jeleznıye Ddoroqi” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri, RF-nin fövqəladə və səlahiyyətli səfiri Vladimir Yakunin tərəfindən təşkil olunacaq “Sivilizasiyaların dialoqu” konfransında iştirak etmək üçün Yunanıstanın Rodos adasına yola düşəcək. Çexiya Prezidenti iki il əvvəl də analoji konfransda iştirak edib. Çexiya rəhbərinin mətbuat katibi bildirib ki, gözlənildiyinə görə, “Sivilizasiyaların dialoqu” konfransında Slovakiya və Macarıstan prezidentləri də iştirak edə bilərlər, Miloş Zeman bunu öyrənəndən sonra o da Rodosa yola düşməyi qərara alıb.
Çexiya Prezidentinin mətbuat katibinin sözlərinə görə, Zeman Vişeqrad dördlüyü (V4) üzrə tərəfdaşları ilə prinsipial xarakterli söhbətlər etmək fürsətindən yararlanmaq niyyətindədir.
Brüssel V4 ölkələrinə təzyiq göstərərək çalışır ki, həmin ölkələri müsəlman miqrantları qəbul etməyə məcbur olsunlar. Avropa İttifaqı həmin ölkələri islamofob yanaşmaya görə dəfələrlə tənqid edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa