MƏDƏNİYYƏT


VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Nesimi. İrak divanı” kitabının təqdimatı olub VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakıda keçirilən VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Nesimi. İrak divanı” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə Türkiyədə çap olunub.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev və digər qonaqlar iştirak ediblər.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov tədbiri açaraq bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb edir.

Qeyd edib ki, ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Nəsiminin yubileyini keçirməsəydi, Nəsimi istər ölkəmizdə, istərsə də dünyada bu qədər tanınmazdı: “Azərbaycanın dahi şairi Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairi, haqq-ədalət çarcısı olub. Bütün əzab-əziyyətlərə, incidilmələrə, tərki-Vətən edilməsinə baxmayaraq, öz yazdıqlarının üstündən xətt çəkməyib, əqidəsindən dönməyib. Belə bir dahi şairin, böyük söz adamının xatirələrdə, hafizələrdə, yaddaşlarda yaşaması təbiidir”.

Professor Qəzənfər Paşayevin tərtib etdiyi “Nesimi. İrak divanı”nın Türkiyədə nəşrini yüksək qiymətləndirən Nizami Cəfərov qeyd edib ki, bu kitab ərəb mühitində Nəsimi dilinin, yaradıcılığının necə qorunub saxlanılması haqqında əhəmiyyətli mənbədir.

Mədəniyyət naziri Əbülfəs Qarayev bu il ölkəmizdə “Nəsimi ili” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayıb: “Bizim musiqiçilər, rəssamlar Azərbaycan ədiblərinin əsərlərindən bəhrələnərək nə qədər yeni əsərlər yaradıblar. Qəzənfər Paşayevin ərsəyə gətirdiyi kitab da xüsusi əhəmiyyət daşıyır. Sözsüz ki, bu araşdırmalar Azərbaycan xalqının kimliyini nümayiş etdirmək üçün çox vacib yoldur. Ümid edirəm ki, “Nəsimi ili” bitəndən sonra da bu tədbirlər davam edəcək".

Akademik İsa Həbibbəyli isə qeyd edib ki, AMEA-da bu il ərzində Nəsimi irsinə həsr olunmuş 16 kitab çap edilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə 11 kitabın çapı nəzərdə tutub, bunlardan 7-si artıq çap olunub. Belə nəşrlərdən biri də Qəzənfər Paşayevin tərtib etdiyi Nəsiminin İraq divanıdır. Bu kitab həm Azərbaycanda, həm də dünyada Nəsimişünaslıq elminə böyük töhfədir.

Kitabın tərtibatçısı Qəzənfər Paşayev çıxış edərək Nəsiminin yaradıcılığından söhbət açıb. Bildirib ki, Nəsiminin irsi uzun müddət araşdırmadan kənarda qalıb: “Yalnız XIX əsrdə Türkiyədə Nəsiminin divanından parçalar, 1926-cı ildə Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz görkəmli sənətkarın irsini toplayaraq kitab halında nəşr etdirib. 1973-cü ildə isə Heydər Əliyevin Nəsiminin yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam sayəsində Nəsimi bütün Azərbaycanda tanındı. Onun dünyada 50-yə qədər əlyazması var. Ancaq Nəsiminin İraq divanı nüsxəsində 63 şeirini üzə çıxartdım. Bu kitabın Türkiyədə yenidən çapını isə Nəsimi irsinin tanıdılmasında böyük addım hesab edirəm”.

Sonra tədbirdə çıxış edən digər natiqlər Nəsimi yaradıcılığından söhbət açıb, kitab haqqında öz fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.