CƏMİYYƏT
Varşavada “Gələcəyin mediası” mövzusunda beynəlxalq konfrans keçirilib
Varşava, 5 noyabr, AZƏRTAC
Polşanın paytaxtı Varşava şəhərində “Gələcəyin mediası” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Polşanın “Polska Agencja Prasowa” (PAP) agentliyinin təşkil etdiyi beynəlxalq konfransa Avropanın aparıcı xəbər agentliklərinin rəhbərləri, media sahəsində tanınmış mütəxəssislər qatılıblar.
İnformasiya məkanında müasir meyillər, innovasiyalar, media bazarında biznes təşəbbüsləri, saxta xəbərlərlə mübarizə və digər məsələlər müzakirə olunduğu konfransda, həmçinin internet və mobil qurğuların inkişafı nəticəsində media məkanında baş verən dəyişikliklər, müəllif hüquqlarının qorunması, özəl KİV-lərin inkişaf perspektivləri nəzərdən keçirilib.
Tədbirdə Polşanın Rəqəmsallaşdırma naziri Marek Zaqorski, İspaniyanın Navarra Universitetinin professoru Mayk Rozenberq, Almaniyanın DPA agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti Piter Kropş, Albaniyanın ATA informasiya agentliyinin baş direktoru Arnela Krasniçi, Polşanın PAP agentliyinin prezidenti Voytsex Surmaş və başqaları çıxış ediblər.
PAP agentliyinin prezidenti Voytsex Surmaş AZƏRTAC-a müsahibəsində bildirib ki, Heydər Əliyev Fondu və AZƏRTAC-ın təşkilatçılığı ilə 2016-cı ildə Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Konqresində saxta xəbərlərlə mübarizə mövzusu diqqət mərkəzində olub. Bakı Konqresindən sonra bu məsələyə diqqət daha da artırılıb.
O qeyd edib ki, dünya xəbər agentlikləri saxta xəbərləri aşkar etmək və onların mənbələrini araşdırmaq üçün səylərini birləşdirməlidirlər. Saxta xəbərlərlə mübarizə, eyni zamanda, söz azadlığı və müəllif hüquqlarının qorunması məsələlərinin uyğunlaşdırılması ən vacib aspektlərdən biridir.
Konfransda 5G texnologiyalarının mediaya təsiri məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.