DÜNYA
Vaşinqtonda Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü qeyd edilib VİDEO
Vaşinqton, 24 aprel, AZƏRTAC
Aprelin 23-də Vaşinqtonda sülh və həmrəylik yürüşü keçirilib. Ağ Evdən başlanan və Vest Potomak parkında başa çatan bu tədbir Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü bayramına həsr edilib. Yürüşün minlərlə iştirakçısı Konstitusion Avenyu, Memorial Park və Linkoln Memorialı marşrutu üzrə hərəkət ediblər. Yürüş başa çatandan sonra Vest Potomak parkında təşkil olunmuş bayram festivalında Türkiyə dövlət folklor rəqs truppası və müğənni Kənan Doğulu çıxış edib.
Vaşinqtondakı bayram şənliyində ölkə paytaxtının və ətraf bölgələrin Türkiyə və türk diasporunun minlərlə nümayəndəsi, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbir Türkiyə-Amerika Rəhbər Milli Komitəsi tərəfindən təşkil edilib.
Xatırladaq ki, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Milli Məclisi çağırılıb. 1921-ci ildə həmin gün milli bayram elan olunub, 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd edilir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton